Bakının böyük prospekti yenə bağlanacaq

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
Sputnik

BAKI, 4 may — Sputnik. Paytaxtın Ziya Bünyadov prospektində yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin "Çermet körpüsü"dən "20 Yanvar dairəsi"nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 3 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (Prospekt bağlı olmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.