BAKI, 4 may-Sputnik. “Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyaları açan kimi görürsən ki, həkimləri reklam edirlər, İrandan, Türkiyədən filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, gəlin və s. Öz məşhur həkimlərimiz isə kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, ölkəmizdə savadlı həkimlərin sayı kifayət qədərdir: “Lakin bu gün efirdə İrandan, Türkiyədən 5 günlük ölkəmizə gələn həkimlər reklam edilir. Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Nə qədər ara həkimlər efirdə reklam edilər?! Dediklərimiz burda qalmamalıdır”.
Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur.
“Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir” — deyən Aqil Abbas bir zamanlar efirə bir ara həkiminin 3 kiloluq balonlarla çıxdığını, dərmana da "darman" dediyini xatırladıb.