SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Türkiyə və Ukrayna arasında bir ilk gerçəkləşdi

Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirilib
Sputnik

BAKI, 4 may — Sputnik. Bu gün Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik edib. Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.

Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib

Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər. Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.