BAKI, 3 may — Sputnik. Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan ölkədəki siyasi vəziyyəti "yumşaq" şəkildə dəyişməyin mümkün olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Paşinyan Rusiyanın "Komersant" nəşrinə müsahibəsində bildirib.
O, həmçinin bəyan edib ki, ölkədə hakimiyyət dəyişikliyi prosesi "lazım olduğu" qədər davam edəcək. Ermənistandakı etirazçıların lideri, eyni zamanda Rusiyanın bu ölkədə baş verənlərə reaksiyasını "çox yaxşı" adlandırıb.
"Onlar bizim hərəkatımıza və erməni xalqının fikrinə hörmət edirlər. Bizdə elə təəssürat formalaşıb ki, onlar bizim daxili işlərimizə qarışmayacaqlar. Ermənistan da öz növbəsində, Rusiyanın daxili işlərinə qarışmayacaq", — Paşinyan vurğulayıb.
Ermənistanda bir çoxlarını Rusiya ilə Azərbaycanın, xüsusilə hərbi sahədə əməkdaşlığının narahat etməsi və onun hökumətə başçılıq edəcəyi təqdirdə bu məsələni qaldırmaq niyyətində olub-olmaması barədə sualı Paşinyan belə cavablandırıb: "Təbii ki, narahat edir. Təbii ki, biz bu barədə danışmalıyıq. Rusiyanı Ermənistanın siyasətində hər şey qane edir? Düşünürəm ki, onların da deməyə nələrisə var. Normal, dostyana, tərəfdaş xarakterli dialoq olacaq və bu, yaxşıdır".