Parlamentdə Ərdoğanla bağlı qərar verildi

Onun namizədliyini 316 deputat dəstəkləyib
Sputnik

BAKI, 3 may — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyası 24 iyunda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmən irəli sürüb. Sputnik Azərbaycan "Anadolu"ya istinadən xəbər verir ki, Ərdoğanın namizədliyini 316 deputat dəstəkləyib.

Ərdoğanın əsas rəqibi ortaya 100 min imza qoydu

Ötən gün isə Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib. Bu gün partiya sədrlərinin parlament seçkiləri ilə bağlı ittifaq protokolu imzalayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərini ən qısa zamanda həll edilməsi lazım olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid getdikcə daha da tezləşdirilməlidir.