CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrail səfiri: “Ölkələrimiz müdafiə sahəsində strateji münasibətlər qurublar”

Tezliklə Azərbaycan və İsrail arasında hökumətlərarası komissiyanın birinci iclası olacaq
Sputnik

BAKI, 2 may — Sputnik. “Azərbaycan kimi İsrail də davamlı münaqişəyə baxmayaraq möhkəm iqtisadiyyatı inkişaf etdirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemini qurmağa müvəffəq olub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfəri Dan Stav ölkəsinin 70 illiyi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Səfir bildirib ki, Azərbaycan müstəqillik qurduqdan sonra İsrail onun müstəqilliyini tanıyan 4-cü ölkə olub: "İki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurublar. İndi isə özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri daha da genişlənir. Belə sahələrdən biri də kənd təsərrüfatıdır ki, Azərbaycanda fəaliyyət göstərən İsrail şirkətlərinin sayı artır. Digər sahə turizmdir. Bu il Azərbaycana gələn israilli turistlərin sayı 3 dəfə artaraq 50 mini ötəcəyi gözlənilir".

Tezliklə Azərbaycan və İsrail arasında hökumətlərarası komissiyanın birinci iclası olacaq. Səfirin sözlərinə görə hökumətlərarası komissiyanın iclası İsraildə keçiriləcək: "İclas barədə qərar baş nazir Benyamin Netanyahunun Azərbaycana səfəri zamani iki ölkə başçısı tərəfindən verilib. İclasın sonunda protokol imzalanacaq və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşəcək”.