BAKI, 1 may — Sputnik. Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da rəqiblərinin adları bilinməyə başlayır. Sputnik AzərbaycanAnadolu agentliyinə istinadən xəbər verir ki, bu dəfə Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb.
Belə ki, partiyanın sədri Temel Karamollaoğlunun ölkə prezidentlyinə namizədliyi irəli sürüləcək. Bununla da Türkiyə prezidentliyinə namizədlərin sayı dördə çatacaq. Onlar hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Səadət Partiyasının lideri Temel Karamollaoğlu, İYİ partiyasının lideri Merel Akşener və Vatan Partiyasının sədri Doğu Perinçekdir.
Halkların Demokratik Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyası isə mayın dördündə prezidentliyə namizədlərini açıqlayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Erdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərini ən qısa zamanda həll edilməsi lazım olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid getdikcə daha da tezləşdirilməlidir.