BAKI, 1 may — Sputnik. Türkiyənin Bursa şəhərindəki Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Həsən Adıgözəlzadə aprelin 29-da uzun sürən xəstəlikdən sonra İstanbulda, müalicə olunduğu xəstəxanada vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.
Bəstəkarın vəfatı haqqında yazan yerli mətbuat uzun illərdir Bursa və Uludağ universitetlərində çalışmış, Bursa Simfonik Orkestrinin ilk rəhbəri olmuş Həsən Adıgözəlzadənin bu təhsil ocaqlarında musiqi və sənətin inkişaf etdirilməsində xüsusi xidmətləri olduğunu vurğulayıb. Bəstəkarın eyni zamanda, universitetlərin musiqi təhsili bölümlərinin inkişafına da töhfələr verdiyi qeyd olunur.
1946-cı ildə Bakıda dünyaya gələn Həsən Adıgözəlzadə simfoniya, "Azərbaycan" və "Bursa" kantataları, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətlər üçün bir sıra əsərlər bəstələyib.
Azərbaycanın Xalq artisti, görkəmli pianoçu Zöhrab Adıgözəlzadənin qardaşı Həsən Adıgözəlzadə, eyni zamanda Türkiyədəki Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. O, Bursa, İstanbul, Adana və digər şəhərlərdəki Azərbaycan diasporu tərəfindən təşkil edilən bir çox tədbirdə fəal iştirak edərək diasporumuzun inkişafı üçün müəyyən işlərə imza atıb.
Qeyd edək ki, mərhumun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn olunacaq.