TƏHLİL

Möhtəkirlər üçün əla fürsət: Bu aralar külli miqdarda pul qazana bilərlər

"Bazarda nə qədər stabillik olsa, hasilatçılar və istehlakçılar üçün bir o qədər yaxşıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. "Dünyada neftin qiymətinin artmasına ABŞ ilə İran arasında baş verən gərginlik xüsusilə təkan verir. Birjalar buna çox həssas yanaşırlar. Belə ki, may ayında İrana qarşı yeni sanksiyalar qüvvəyə minə bilər".

Bunu Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, neft bazarının iştirakçıları Səudiyyə Ərəbistanının Yəmənə hava hücumundan çox təşviş keçirib: "Bu, yenidən hərbi münaqişənin alovlanmasına, İranın fəallaşmasına, regionda, əsasən də, Hörmüz boğazı ətrafında gərginliyin artmasına səbəb ola bilər. Cari ilin may ayında ABŞ İranın neft ixracının 1 milyon barel azaldılması ilə bağlı yeni sanksiya qəbul edə bilər".

"Bu, bazarda çox böyük təlatüm yaradıb. Bundan başqa, aprelin 24-də Fransa prezidenti Emmanuel Makron ilə ABŞ prezidenti Donald Tramp arasında İran məsələsinin müzakirəsi dünyada neftin qiymətinin artmasına təkan verib. Hətta Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, neftin qiymətində volatilik çox yüksəkdir və neftin qiyməti 80 dollaradək arta bilər", — Şaban əlavə edib.

Ekspert bildirib ki, neftin qiymətində kifayət qədər artımlar var və bu da informasiyaların yenilənməsi, baş verən gərginliklər və onların nəticələri fonunda yayılan məlumatlardan qaynaqlanır: "Qiymət də bu cür sürətlə dəyişir. Bu vəziyyət neft bazarının iştirakçıları üçün heç də yaxşı deyil. Çünki bazarda nə qədər stabillik olsa, hasilatçılar və istehlakçılar üçün bir o qədər yaxşıdır. Ancaq hazırda treyderlər, möhtəkirlər üçün çox yaxşı bir fürsətdir. Onlar bu volatilikdən istifadə edərək külli miqdarda pul qazana bilərlər".

ABŞ-da neft hasilatının artmasının qiymətlərə təsirinə gəlincə, müsahibimiz deyib ki, ötən ilin sonundan başlayaraq ABŞ-da neft hasilatı gündəlik 10 milyon bareli keçəndən sonra bu fikir gündəmdədir: "Hazırda ABŞ 10,5 milyon bareldən çox neft hasilatına malikdir və bu, az da olsa, artıma doğru gedir. Amma müxtəlif faktorlar ABŞ-da neft hasilatının artmasının qiymətlərə təsirinin qarşısını alır. Ona görə də bu fikir özünü doğrultmur. Bu, ilk olaraq ABŞ prezidenti Donald Trampın öz "Twitter" səhifəsində qalmaqallı paylaşımları ilə bağlıdır. Yəni geosiyasi risklər neftin qiymətinin artmasına səbəb olur".

Mütəxəssis cari ildə neftin qiyməti ilə bağlı proqnozlar da verib: "Bu ilin birinci rübünün yekunlarına görə, "Brent" markalı neftin qiyməti 67 dollar olub. Ancaq qiymət aprel ayında kifayət qədər yüksəlib. 4 ayın yekunlarına görə isə "Brent" markalı neftin orta qiymətinin 69 dollar olacağı gözlənilir. Bu, kifayət qədər yüksək rəqəmdir. Bu rəqəm ötən ilin orta qiymətindən 28 faiz çoxdur. Ancaq cari qiymətlər 40 faizədək artım nümayiş etdirir".

"Təbii ki, bu səviyyədə qiymətlər uzun müddət davam edə bilməz. Neftin qiyməti yenidən öz məcrasına, yəni 65 dollar ətrafına qayıdacaq. Hesab edirəm ki, bu il neftin orta qiyməti 65 dollardan aşağı olmayacaq və bu rəqəm ötən illə müqayisədə 20 faiz çoxdur. Bu, bazar iştirakçılarının öz bizneslərini genişləndirməsinə xeyli imkanlar yaradır", — İ.Şaban əlavə edib.

Qeyd edək ki, bu gün WTI markalı neftin 1 barelinin qiyməti 0.09 dollar və ya 0.13% bahalaşaraq 68.10 dollar olub. "Brent" markalı neftin 1 barrelinin qiyməti 0.10 dollar və ya 0.13% artaraq 74.64 dollara çatıb.