Ermənistanda baş nazirliyə ilk və ən şanslı namizəd irəli sürüldü

Ermənistan müxalifətinin lideri, parlamentin "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan bu gün baş nazir postuna rəsmən öz namizədliyini irəli sürüb
Sputnik

BAKI, 30 aprel — Sputnik. Ermənistan müxalifətinin lideri, parlamentin "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan bu gün baş nazir postuna rəsmən öz namizədliyini irəli sürüb. Sputnik Ermənistan-ın məlumtına görə, bunu jurnalistlərə "Yelk" fraksiyasının üzvü Ararat Mirzoyan xəbər verib.

Yerevan yenə qarışdı: Ağ xələtlilər önə çıxdı

O, həmçinin qeyd edib ki, "Yelk" bu gün yerdə qalan üç parlament fraksiyası ilə, eləcə də hakim Respublika Partiyası ilə görüş keçirərək bu məsələni müzakirə edəcək: "Dövlətçiliyimizin, suverenliyimizin taleyindən narahat olan, ölkənin normal həyata dönməsini istəyən bütün deputatlar Nikol Paşinyana səs verəcəklər. Mən əminəm ki, problem olmayacaq".

Hökumətin proqramları barədə suallara cavab verən Mirzoyan deyib ki, hazırda qurulması və Paşinyanın rəhbərlik etməsi gözlənən hökumət müvəqqətidir: "Bu hökumətin əsas missiyası bir sıra qanunlara müvafiq dəyişiklikləri edəndən sonra növbədənkənar parlament seçkisi keçirməkdir".

Respublika Partiyasının əksər üzvlərinin "Yelk" fraksiyasının planlarını poza biləcəyi barədə suala cavabında isə Mirzoyan tələsməməyi məsləhət görüb. O deyib ki, hazırda respublikaçılarla onların Paşinyanı dəstəkləməsi istiqamətində danışıqlar aparılır.