CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir əməlin cəzası sərtləşdirildi - Həbs

İşsizlikdən sığortanı ödəməkdən yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar
Sputnik

BAKI, 27 aprel — Sputnik. Cinayət Məcəlləsinin 213-cü maddəsinə (Vergi ödəməkdən yayınma) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik məcəlləni "İşsizlikdən sığorta haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Vergilər nazirindən şad xəbər: "Prezident tapşırıq verdi ki..."

Dəyişikliyə görə, həmin maddənin adında "Vergi" sözü "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını" sözləri ilə əvəz edilib. Yəni 213-cü maddənin adı dəyişdirilərək "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma" adlanır.

Digər dəyişikliklə 213.1-ci maddədə "vergiləri" sözündən sonra ", işsizlikdən sığorta" sözləri əlavə olunub.

213.1-ci maddənin mövcud mətnində deyilir ki, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif olunan mətndə isə deyilir ki, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci il 30 iyun tarixdə "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 765-VQ nömrəli qanunu qəbul edilib. Qanunun məqsədi əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Dəyişikliyin əsas məqsədi "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.

Dəyişiklik Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.