Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 29 aprel — Sputnik. Zaman keçdikcə yaşı 100-dən çox olan insanların sayı azalır. Ölkəmizdə də uzunömürlü insanlar demək olar ki, barmaqla göstəriləcək dərəcədə çox azdır. Hazırda bəzi regionlarımızda uzunömürlü insanlara tək-tük olsa da, rast gəlmək mümkündür.
Bunlardan biri də Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirovadır. Sputnik Azərbaycan-ın bölgə müxbiri Nəcimə Dəmirovanı ziyarət edib, maraqlı həyat tarixçəsini dinləyib.
Həyatdan hər zaman razı olduğunu, yaşadığı hər anın qiymətini bildiyini vurğulayan 109 yaşlı nənə 15 yaşında ailə həyatı qurub: "Bir gün qayınatam böyük qardaşım ilə bizə gəlib, anama deyib ki, qızını istəməyə gəlmişik. Anam da razı olmayıb. Atam isə deyib ki, "ay arvad, ver getsin, onsuzda bir gün birinə getməlidir"".
"Mən də həmin vaxt tut ağacının altında durub ovcuma yığdığım tutu yeyirdim. Heç nədən xəbərim yox idi. Qardaşım məni yanına çağırıb dedi ki, "get, o kişiyə əlindəki tutdan ver, artıq o, sənin qayınatan sayılır. Beləcə on beş yaşında ərə verdilər məni", — Nəcimə xanım deyib.
N.Dadaşova həyat yoldaşından çox razı qaldığını, ona yaxşı baxdığını da qeyd edib: "İcra nümayəndəsi işləyən həyat yoldaşım həyatda ən yaxşı nemətləri mənim önümə sərib. O vaxt iş adamı olan hər kişi mənim yoldaşım kimi mülayim olmurdu. Ən əsası da odur ki, mənə bir qadın kimi böyük hörmət edib. Bəlkə də mənim bu qədər yaşamağımın bir səbəbi də o insanın elədiyi yaxşılıqlardı".
12 övladı olan Nəcimə nənə onlardan 5-ni körpə ikən itirib. Övladlarının itkisi onun qəlbini yaralasa da, sağ qalan övladları ilə fəxr etdiyini qeyd edib: "7 övladım fəxrim olub. Çox tərbiyəli, ağıllı övladlarım olduğuna görə, allahıma hər zaman şükür edirəm. Yeddi balamın doqquz diplomu var, onları diplomlu, əli çörəkli elədiyimə görə özümü xoşbəxt sayıram. Hər anaya bu xoşbəxtliyi yaşamaq nəsib olmur".
"Balalarım hərəsi bir yerdə yaşayır. Hər həftə başıma yığışırlar. Böyük oğlumun 92 yaşı var. Övladlarımdan başqa, baldızımın yetim qalmış uşaqlarına da mən baxmışam, bizim evdə böyüyüblər. Bu, hər adama nəsib olmur, mənim qismətim imiş", — deyə Nəcimə nənə davam edib.
Həyatda heç nədən qorxmayan Nəcimə xanım ömür boyu həm kişi işi, həm də qadın işi gördüyünü söyləyib: "Yoldaşım tez rəhmətə getdiyinə görə evin yükü üstümə düşdü. Naxırçı ilə naxıra, buzovçu ilə buzova getdim. Bazarda əncir, üzüm satırdım. Evdə işsiz otura bilmirdim. Kənddə yeganə qadın idim ki, sərbəst şəkildə istədiyim işi edə bilirdim".
Bir əsrdən çox yaşamış nənənin ən həvəslə gördüyü iş isə toxuculuq olub: "Kəndimizdə ərə gedən qızların çoxuna cehizlik xalça-palazı mən toxumuşam. Toxuculuq çox çətin sənət olsa da, ümumilikdə, 70-ə yaxın xalça-palaz mənim əlimdən çıxıb. Toxuduqlarım səliqəsinə, qeyri-adi naxışlarına görə, hər zaman seçilib. Bunu mən yox, bütün kənd camaatı deyir".
109 yaşlı həmsöhbətimiz allahın ona bu qədər ömür verməsini bir neçə nüansla əlaqələndirib. Onun fikrincə, həyatsevərliyi, etdiyi yaxşılıqlar, ona edilən dualar və yaxşı qidalanması uzunömürlülüyünün sirri ola bilər: "Mən ancaq quzu, kənd toyuğunun ətini yeyirdim. Həyatda hər hansı bir çətinliklə qarşılaşsam, onu gülə-gülə dəf etməyə çalışırdım. Ən böyük hədiyyəm isə, insanlardan elədiyim yaxşılıqların əvəzində eşitdiyim dualardı".
Nəcimə nənə başına gələn bir maraqlı hadisəni də yada salıb: "Evimdə çoxlu kasıba, yetimə baxmışam. Mənə kəndimizdə "ögeylər anası" adı qoyulmuşdu. Bir dəfə qonşumuzda bir qadın xəstə yatırdı. Ürəyim dözmədi, ona balıq bişirib apardım. O, balıqdan yedi və mənə "allah qalan ömrümü sənə versin" dedi. Ümumiyyətlə bu kəlməyə çox tez-tez rast gəlirdim. Bəlkə də o dualar qəbul olub və mən bu qədər yaşayıram".
Onu da qeyd edək ki, Nəcimə Dadaşovanın 7 övladı, 38 nəvəsi, 72 nəticəsi, 10 kötücəsi var. Aydın danışır, suallara doğru-dürüst cavab verir və hamını asanlıqla tanıya bilir.