"Makrona siyasət dərsi keçmək lazımdır"

Toğrul İsmayıl: "ABŞ digər məsələlərdə də Fransa prezidentinin dediklərini təkzib edib"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl Fransa prezidenti Emmanuel Makronun "Türkiyəni Rusiyadan ayırdıq" sözlərinə münasibət bildirib.

T.İsmayıl Sputnik Azərbaycan-açıqlamasında Fransa prezidentinin sözlərinin həqiqətə uyğun olmadığını deyib: "Emmanuel Makron bəzi şeyləri özündən uydurub və onun sözlərini ABŞ prezidenti Donald Tramp da təkzib edib. ABŞ-dan digər məsələlərdə də Fransa prezidentinin dediklərinin həqiqətə uyğun olmadığı bildirilib".

"Fransa, ABŞ və Böyük Britaniyanın Suriyaya hücumları ilə Türkiyə və Rusiyanın arasının necə dəyəcəyini anlamıram. Onsuz da baş verən hadisələrdə Türkiyənin də, Rusiyanın mövqeyi bəllidir. Bu iki ölkə mövqelərinin nə olduqlarını bilə-bilə bir araya gəliblər", — professor əlavə edib. 

Politoloq: “Türkiyədə seçkilər çox rəqabətli şəkildə olacaq”

Toğrul İsmayıl vurğulayıb ki, Fransa prezidentinin dediyi bu sözlər çox da etik deyil: "Hər halda, təcrübəsiz siyasətçidir və ona görə belə deyib. Ağzına gələni danışır. Yəni əgər Suriya ordusuna qarşı əməliyyat aparılırsa, bunun məqsədi kimyəvi silahların yox edilməsi olmalıdır. Yoxsa, iki ölkənin əlaqələrini hədəf alan əməliyyat aparılmaz. Hər halda Makrona siyasət dərsi keçmək lazımdır".

O bildirib ki, Türkiyənin Suriya siyasətində ziddiyyət yoxdur: "Türkiyə öz maraqlarına uyğun hərəkət edir. Rusiya ilə İran bölgədə sülh və barış təklif etdikləri üçün Türkiyə onlarla bir yerdədir. Amma Bəşər Əsəd məsələsində onsuzda fikir ayrılığı var. Yəni Türkiyə ilk gündən Əsədin getməsinin tərəfdarıdır və bunu açıq şəkildə söyləyir".

ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumu ilə bağlı Türkiyənin mövqeyinə gəlincə, professor bildirib ki, Türkiyənin görüşünə görə, Suriyada kimyəvi silahdan istifadə edilib və bu, cəzasız qalmamalıdır və bunu dəstəkləyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və Böyük Britaniya ilə birlikdə Suriyaya hücum edərək Türkiyəni Rusiyadan ayırdığını söyləyib: "Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq. Türkiyə kimyəvi silahların istifadəsini pisləyib". 

İki prezidentin əziyyəti sirli şəkildə hədər getdi: Ağ Evdə möcüzə

Fransa liderinin sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampı Suriyada hərbi əməliyyatları davam etdirməyə razı salıb. Ağ Ev isə Makronun bəyanatının ardından açıqlama verərək ABŞ-ın Suriyadakı planının dəyişmədiyini qeyd edib. Ağ Ev sözçüsü Sarah Sanders bildirib ki, Tramp ABŞ hərbçilərini ən qısa müddətdə vətənə qaytarmaq məsələsində qərarlıdır.

Onu da xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa birlikdə Suriyaya hava zərbələrinin kimyəvi silah anbarlarına endirildiyi bildirilib. Rusiya və İran hadisəni təcavüz aktı kimi dəyərləndirsə də, Türkiyə baş verənlərdən məmnun olduğunu bəyan edib.