CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iki çinli və bir dağıstanlını birləşdirən dollar fırıldağı

Külli miqdarda saxta ABŞ dollarını "Rabitə Bank"da dəyişməyə cəhd edərkən yaxalandılar
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları aprelin 26-da Yasamal rayonunda keçirdikləri uğurlu əməliyyat nəticəsində külli miqdarda saxta ABŞ dolları əldə ediblər. Bununla bağlı Çin və Dağıstan vətəndaşları saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

BMCMİ-nin əməkdaşları Çin vətəndaşları — 1988-ci il təvəllüdlü Çen Vonq Lini, 1963-cü il təvəllüdlü Lin Zhi Fanqı və Dağıstan vətəndaşı, 1966-cı il təvəllüdlü Məhəmmədrəsul Rəsulovu saxlayıb.

Azərbaycanın ən tanınmış mağaza şəbəkəsində inanılmaz fırıldaq

Sözügedən şəxslər dünən günorta saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Rabitə Bank"ın "Yasamal" filialında külli miqdarda saxta dollar dəyişərkən yaxalanıblar. Qəlp pul satanlar 18 min 900 "ABŞ dolları"nı dəyişməyə cəhd edirmişlər.

Bankın əməkdaşları dərhal saxta pulların fərqinə varıblar. Çünki əsginasların keyfiyyəti xeyli aşağı olub. Özlərini pulları dəyişirmiş kimi göstərən bank işçiləri diqqət çəkmədən xarici vətəndaşlarla bağlı polisə müraciət ediblər. Polis isə cəmi bir neçə dəqiqə sonra artıq hadisə yerində olub. Bəzi məlumatlara görə, əcnəbilər bir dəfə həmin bankda saxta əsginasları dəyişməyə müvəffəq olublar. Uğurlu valyutadəyişmə onları təkrar fırıldağa əl atmağa şirnikləndirib.

Müsadirə edilmiş saxta əsginaslar maddi sübut kimi götürülərək ekspertizaya təqdim edilib. Saxlanılan şəxslər barədə isə cinayət işi açılıb. Cinayətin təfərrüatları aydınlaşdırılır və cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsinə başlanılıb.