BAKI, 26 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da 12 şəhər və rayonda sınaq imtahanları keçirəcək.
DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 56 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 29925 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 182 imtahan rəhbəri, 1785 nəzarətçi-müəllim ayrılıb.