QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Sarqsyanı əvəzləyən qüvvələr daha radikaldır”

Politoloq İlqar Vəlizadə deyir ki, indiki iqtidarı əvəz edən qrupun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var
Sputnik

İlqar Vəlizadə: “Proseslərin sonraki gedişatında müsbət gözləntilərə ümid etmək olar”
“Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi”. Bunu politoloq İlqar Vəlizadə Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib. Politoloqun fikrincə, bu proseslər həm də yeni siyasi formatların yaranmasına gətirib çıxaracaq:

“Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq. Ancaq onu da demək lazımdır ki, indiki iqtidarı əvəz edən qrup daha radikaldır. Biz bilirik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var. Ona görə də düşünürəm ki, Ermənistanda yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək. Ermənistanda yeni hakimiyyət formalaşandan sonra daha dəqiq demək olacaq ki, hansı müsbət gözləntilərə ümid etmək olar”.

Qeyd edək ki, Ermənistanda davam edən 11 günlük aksiyalardan sonra Serj Sarqsyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.