Əliyev və Ərdoğan dünyaya önəmli mesajlar verdilər

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
Sputnik

BAKI, 25 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezident İlham Əliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman ilə görüşüb.

İlham Əliyev yeni prezidentliyi dövrünün ilk rəsmi səfərinə çıxdı

Görüşdə İsmayıl Qəhrəman İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirib. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdırıb: "Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir".

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.

Daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu"nu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı"nı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol"u Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzaladılar.

İmzalama mərasimi bitdikdən sonra liderlərin birgə mətbuat konfransı keçirilib. Ərdoğan çıxışında İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsindən məmnunluq duyduqlarını bildirib: "Mən də prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər etmişdim. İnşallah, 24 iyunda keçiriləcək seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm".

Türkiyə rəhbəri bildirib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: "Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik".

İlham Əliyev də Azərbaycan-Türkiyə qardaşlığının səviyyəsindən danışıb: "Bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir. Mən prezident seçkilərində qələbə qazandıqdan sonra məni ilk təbrik edən, məhz əziz qardaşım Rəcəb Tayyib Ərdoğan oldu. Mən də ilk rəsmi səfərimi Ankaraya etdim".

Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.