Ermənistanda etirazların ardı-arası kəsilmir, spiker müxalifət liderinə yalvarır

Milli Məclisin sədri vəziyyətin stabilləşməsini xahiş etmək məqsədilə müxalifət liderləri ilə görüşüb
Sputnik

BAKI, 23 aprel — Sputnik. Ermənistan Milli Məclisinin sədri Ara Babloyan müxalifət fraksiyası olan "Yelk"in rəhbəri, "Mənim addımım" müxalifət hərəkatının lideri Nikol Paşinyan, həmçinin fraksiyanın deputatları Ararat Mirzoyan və Sasun Mikaelyanla görüşüb.

Katolikos: Ermənistandakı mitinqlər üsyanın əlamətidir

Bunu Sputnik Ermənistan-a parlamentin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arsen Babayan bildirib. Onun sözlərinə görə, Babloyan ümid edir ki, həmkarları onun xahişlərini yerinə yetirəcəklər.

"Parlamentin spikeri həmkarlarını ilk növbədə bir həkim, bir baba və qayğıkeş bir yoldaş olaraq ziyarət edib. Babloyan ümid edir ki, həmkarları onun sözünü eşidəcək və xahişini yerinə yetirəcək" — deyə Babayan bildirib.

Bu arada Yerevan Dövlət Universitetinin tələbələrinin böyük əksəriyyəti dərs prosesini boykot edərək "Mənim addımım" aksiyasına qoşulublar. Onların aksiyasına Mxitar Heratsi adına Yerevan Dövlət Tibb Universitetinin və Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin tələbələri də dəstək veriblər. Pedaqoji Universitetin 150 tələbəsi bu gün dərsləri boykot edib. Ötən həftə isə Universitet tələbələrinin 50%-i dərsləri boykot etmişdi. Tibb Universitetinin tələbələri ağ xalatlarla, qol-qola girərək küçələrə çıxıblar.

Xatırladaq ki, baş nazir Serj Sarqsyan və müxalifət lideri Nikol Paşinyan arasında keçirilən uğursuz görüşdən sonra, aprelin 22-də nümayişlərin dağıdılmasına başlanıb. Qarşıdurma zamanı Paşinyan və onun rəhbərlik etdiyi "Yelk" fraksiyasının deputatları Ararat Mirzoyanla Sasun Mukaelyan naməlum istiqamətə aparılıb. Bir neçə saat sonra Baş Prokurorluq onların saxlanıldığını xəbər verib.

Nikol Paşinyanın "Facebook"dakı rəsmi səhifəsində onun Yerevandan 65 km uzaqlıqda olan Sevan şəhərindəki polis idarəsində saxlanıldığı bildirilib. Paşinyan və həmkarları qanunsuz kütləvi aksiyalar keçirməkdə günahlandırılır.

Ermənistanın baş naziri Serj Sarqsyanla Paşinyanın aprelin 22-də keçirilən uğursuz görüşündən 1,5 saat sonra polis paytaxtın mərkəzi meydanına toplaşan və yolları bağlayan nümayişçiləri qovmağa, kütləvi aksiyanı dağıtmağa başlayıb.

Qeyd edək ki, Ermənistanda Paşinyanın təşəbbüsü ilə baş tutan "Mənim addımım" piyadaların etiraz aksiyası bütün ölkəni bürüyüb. Aprelin 13-dən başlayaraq Paşinyan və onun tərəfdarları Gümrü, Vanadzor, Spitak, Dilican, Abobyan və Razdan rayonlarını əhatə edən itaətsizlik aksiyasına start veriblər. Sonra onlar Yerevanda küçələrə çıxaraq avtomobillərin hərəkət etdiyi yolları bağlayıblar.

Müdafiə Nazirliyindən təxribat xəbərdarlığı: Sərt tədbir görüləcək

Aprelin 13-də Paşinyan və tərəfdarları Dövlət Tibb Universitetinə daxil olaraq rektorun otağına girməyə cəhd ediblər. Universitetin təhlükəsizlik xidmətinin iki əməkdaşı onlarla çarpışmada xəsarət alıb.

Aprelin 14-də etirazçılar polis kordonunun arasından keçərək Ermənistan İctimai Radiosunun binasına giriblər. Bu bina dövlət mühafizəsində olan strateji binadır. Aksiyaçılar binanın bağlı qapısını qıraraq radiostudiyaya daxil olublar. Aprelin 14-dən 15-nə keçən gecə isə onlarla mitinqçilər küçələrdə çadır quraraq gecəni orada keçiriblər.

Aprelin 17-də müxalifət "məxməri inqilab"ın başlandığını bəyan edib. Etirazçılar eks-prezident Serj Sarqsyanın parlament tərəfindən baş nazir postuna seçilməsinə etiraz edir, onun siyasi komandasının hakimiyyətdən getməsini istəyirlər. Bu günə qədər Ermənistanda 200-dək nümayişçinin həbs edildiyi bildirilir.