Yerevanda Hökumət Evində toqquşmalar gedir

Xüsusi təyinatlı qüvvələr aksiyaçıları pilləkənlərdən sürükləyirlər
Sputnik

BAKI, 19 aprel — Sputnik. Ermənistanda kütləvi etiraz aksiyası səngimək bilmir. Hazırda xüsusi təyinatlı qüvvələr "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyanın tərəfdarlarını Hökumət Evinin qarşısında sıxışdırmağa başlayıblar.

Sputnik Ermənistan xəbər verir ki, hazırda polis binanı 4 tərəfdən mühasirəyə alıb. Xüsusi təyinatlı qüvvələr aksiyaçıları pilləkənlərdən sürükləyirlər. Paşinyan isə binada olan hər kəsi dirənişi davam etdirməyə səsləyib.

Əraziyə əlavə polis qüvvələri cəlb edilib, binanın qarşısında polis kordonu yaradılıb. Etirazçılar bu kordonu qırmağa çalışırlar.

Qeyd edək ki, Paşinyan vətəndaşları bu gün səhər saat 08.00 radələrində Respublika Meydanında yığışmağa səsləmişdi. Etirazçılar hökümət binasını ələ keçirməli və Nazirlər Kabinetinin işini dayandırmalı idilər.

Xatırladaq ki, Nikola Paşinyanın tərəfdarları aprelin 14-dən etibarən genişmiqyaslı etiraz aksiyaları keçirirlər. Onlar Yerevanda Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz edirlər. Etirazçılar şəhərin mərkəzində yol ayrıcılarını, küçələri bağlayır, administrativ binaları ələ keçirirlər.