Prezident andiçmədən dərhal sonra ziyarətlərə başladı

İlham Əliyev Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Sputnik

BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri Xiyabana gəlib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident ulu öndərin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Azərbaycan Prezidenti and içdi

Sonra prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Bu ziyarətin ardınca İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.