İlham Əliyev cəmiyyətin gözlədiyi mesajları verdi: "Mən sözümə sadiq qaldım"

"Bu dəstək mənə güc verir, bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm"
Sputnik

Bakı, 18 aprel — Sputnik. Prezident İlham Əliyev bu gün Milli Məclisdə keçirilən andiçmə mərasimində bir sıra məsələlərdən də danışıb. Sputnik Azərbaycan xəbər verir ki, prezident əvvəlcə 11 aprel seçkilərində ona növbəti dəfə yüksək etimad göstərən Azərbaycan xalqına dərin təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti and içdi

Hər zaman xalqın dəstəyini hiss etdiyini qeyd edən İlham Əliyev ona göstərilən etimadı doğruldacağına söz verib: "Bu dəstək mənə güc verir, bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm".

Dövlət baçşısı, həmçinin prezident seçkilərindən də danışıb, vurğulayıb ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür".

"Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim", — deyə İlham Əliyev qeyd edib.

İlham Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi müddətdə görülən işləri də qeyd edib. Azərbaycanda ötən 15 il ərzində demokratik inkişafın çox sürətlə getdiyini, bütün azadlıqların təmin edildiyini xatırladan Prezident 15 ili demokratik inkişaf baxımından çox uğurlu illər kimi qiymətləndirib.

Dövlət başçısı vurğulayıb ki, demokratik inkişafla bağlı Azərbaycan dövlətinin apardığı siyasət çox düzgündür və ölkənin milli maraqlarını təmin edir: "Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik — söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır".

"Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir", — İlham Əliyev deyib.

Konstitusiya Məhkəməsi prezident seçkiləri barədə qərarını elan etdi

Dövlət başçısı, həmçinin görüləcək işlərdən danışıb, əlavə edib ki, seçki kampaniyası zamanı digər namizədlərin qaldırdıqları məsələlərə də diqqətlə baxılacaq: "Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ".

Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalardan da danışan prezident qeyd edib ki, onların yeri tarixin zibilxanasıdır: "Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".

Prezident vurğulayıb ki, demokratik inkişafla bağlı səylər gələcək fəaliyyətində də önəmli yer tutacaq: "Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq".

Dövlət başçısı deyib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib: "Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir".

MSK ilkin nəticələri açıqladı: İlham Əliyev qalib gəlib

Azərbaycan dövlətinin dinlərarası, millətlərarası münasibətlərindən də danışan Prezident bu münasibətlərin nümunəvi xarakter daşıdığını xatırladıb: "Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin".

İlham Əliyev qeyd edib ki, milli-mənəvi dəyərlərinə hər zaman sadiq olan Azərbaycan dövləti multikulturalizmi bundan sonar da yaşadacaq: "Biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri kimi elan olunub".