BAKI, 18 aprel — Sputnik. Çin höküməti rusiyalı turistlər üçün viza rejimini ləğv edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bundan sonra rus turistlər Çinin Hainan adasına vizasız gedə biləcəklər.
"2018-ci il mayın 1-dən etibarən 59 ölkədən olan turistlər üçün azad viza siyasəti Hainan əyalətində islahat siyasətinin dəstəklənməsi və hərtərəfli dərinləşdirilməsi çərçivəsində həyata keçirilir", — deyə Çin Miqrasiya İdarəsindən bildirilib.
Xatırladaq ki, 2017-ci ildə Hainan adasına 284 min rus turist gəlib. Adada yerləşən Sanya şəhərinə Rusiyanın 8 şəhərindən — Moskva, Yekaterinburq, Novosibirsk, İrkutsk, Krasnoyarsk, Vladivostok, Xabarovsk və Ulan-Udedən birbaşa təyyarə reysləri açılıb.
Qeyd edək ki, Hainana Rusiyadan başqa daha 58 ölkənin (Fransa, Ukrayna, İtaliya, Misir və sair) vətəndaşları vizasız gələ biləcəklər.
Xatırladaq ki, 2017-ci ilin noyabr ayından Latın Amerikası və Karib hövzəsi ölkələri də ruslar üçün vizasız bölgədir.