CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını xaosun və tıxacın əlindən qurtarmaq üçün hərəkətə keçildi

Bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib
Sputnik

BAKI, 18 aprel — Sputnik. Metronun "Koroğlu" stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icraasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Bakıda üzücü tıxacdan qurtuluş yolu tapıldı

Məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb: "Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq".

"Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər "Koroğlu" NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər" — deyə BNA-dan bildirilib.

Əlavə olunub ki, artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib: "Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda "Koroğlu" NMM istiqamətində hərəkət etmələrini xahiş edirik".

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi 21.04.2018 tarixində ləvğ ediləcək.