"İntihar maşını" nümayiş etdirildi

Maşın gizli azot anbarından və intiharçının uzana biləcəyi yataqdan ibarətdir
Sputnik

BAKI, 17 aprel — Sputnik. Niderlandın Amsterdam şəhərində Cənazə Sənayesi Sərgisində "intihar maşını"nın prototipi nümayiş etdirilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qurğu hollandiyalı dizayner Aleksandr Bannink və eftanaziyanı (yaşamağından ümid kəsilmiş xəstənin öz istəyi ilə həyatına son vermək) qanuniləşdirmək üçün mübarizə aparan avstraliyalı fəal Filip Niçke tərəfindən hazırlanıb.

İntihar maşını

Maşın gizli azot anbarından və intiharçının uzana biləcəyi yataqdan ibarətdir. "İntihar edən şəxs əvvəlcə yüngül başgicəllənməsi hiss edir, sonra dərhal huşunu itirib ölür" – deyə Niçke bildirib.

Sərgidə, sadəcə maşının maketi qoyulub və virtual tur təşkil edilib. Bu da insanlara maşının içinə girərək o hissləri yaşamağa imkan yaradır. Niçke və Bannink maşının düzəldilməsi üçün lazım olan layihəni və digər informasiyaları internetə yerləşdirməyi düşünür.

Tələbəsini öldürən müəllim intihar etdi

Xatırladaq ki, 1996-cı ildə Filip Niçke Avstraliyanın şimalında eftanaziyanın leqallaşdırılmasına nail ola bilmişdi. Ancaq hökumət tez bir zamanda qanunu ləğv etdi. Çünki qısa müddətdə 4 nəfər eftanaziyadan yararlanmışdı.

Onu da qeyd edək ki, 2008-ci ildə Almaniyada "intihar maşını"nın hazırlandığı bildirilmişdi. Bu maşın eftanaziyanın qadağan edildiyi ölkələrdə ölümcül xəstə olanların könüllü şəkildə ölməsinə yardım edəcəkdi. Qurğunu alman siyasətçi-həkim Rocer Kuş dəstəkləyirdi.