BAKI, 16 aprel — Sputnik. Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rasi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.
Bu barədə Sputnik Azərbaycan-an Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, sərəncama əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb: "Vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının adına açılmış bank hesablarına 3 gün müddətində köçürüləcək. Və vəsait ödənildikdən 3 gün sonra həmin o 6 ailənin evinin sökülməsi Səbail RİH-ə həvalə olunub".
Xatırladaq ki, fevral ayında Bayıl srüşmə ərazisindən 90 ailə köçürülüb. Hazırda 98 ailəyə kirayə verili. Sürüşmə zamanı 6 fərdi ev yaşamaq üçün yarasız vəziyyətə düşmüşdü.