BAKI, 15 aprel — Sputnik. Bu gün İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Sputnik AzərbaycanKremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezidentlər ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bu qeyri-qanuni hərəkətin Suriya probleminin siyasi yolla həlli perspektivinə ciddi ziyan vurduğu ifadə edilib.
Vladimir Putin öz növbəsində qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd olan fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.
Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionundakı vəziyyəti də müzakirə ediblər.
Onlar iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıblar.