Mossadın keçmiş rəhbəri: "Rusiya ilə müharibə vəziyyətinə gələ bilərik"

Mossadın keçmiş rəhbəri: "Bu super güclə savaşmadan mübarizə aparmağın yollarını tapmalıyıq, amma müharibə vəziyyətində də qalib gəlməliyik"
Sputnik

BAKI, 14 aprel — Sputnik. İsrailin kəşfiyyat xidməti Mossadın keçmiş rəhbəri Efraim Halevy İsrail ilə Rusiya arasında hərbi qarşıdurma ehtimalının artdığını söyləyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İsrailin "Kanal10" televiziyasına danışan Halevy, İsrail ilə Rusiya arasındakı son gərginliyə münasibət bildirib.

Rusiya ilə müharibə ehtimalının artdığını söyləyən Halevy belə deyib: "Rusiya ilə müharibə vəziyyətinə gələ bilərik. İsrail qüvvələri Rusiya qüvvələri ilə qarşı-qarşıya gələ və müharibə ola bilər. Bu super güclə savaşmadan mübarizə aparmağın yollarını tapmalıyıq, amma müharibə vəziyyətində də qalib gəlməliyik".

Onun sözlərinə görə, Rusiya çox uzun bir müddət qalmaq üçün Suriyaya girib və hərbi bazalarını da ona görə qurub: "Zənn edirəm ki, bölgədə strateji tərəfdaşı olan İranın məğlub olmasını istəməyəcək və bu, onun xeyrinə də olmaz".