Üçüncü dünya müharibəsi əlaməti: Müttəfiqlər Suriyanı bombalamağa başladı

Hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir
Sputnik

BAKI, 14 aprel — Sputnik. Amerika Birləşmiş Ştatları Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə əsasən, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. Prezident "Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərinə yüksək dəqiqlikli zərbələr endirildiyini" deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə isə ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb.

Açıqlamada həmçinin bildirilir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əhəmiyyətli hissəsini hədəfə çatmamış məhv edib.  

Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, həmçinin Suriya ərazisindən qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.