CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Balıqların şahı"nı ovlayan balıqçı Xəzər dənizi ilə bağlı həyəcan siqnalı verir

Xudayar Abbasov: "Biz onu tutanda çox qorxduq, çox güclü idi, qayığımızı batıra bilərdi"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bir insanın uzun illər boyunca "yoruldum" demədən çətin bir sənətlə məşğul olması həmin peşəyə vurğunluğundan xəbər verir. Eynən təhlükəli olduğu qədər səbir, möhkəm iradə, fanatlıq dərəcəsində sevgi tələb edən balıqçılıqla məşğul olanlar kimi.

Sputnik Azərbaycan-ın da budəfəki qəhrəmanı 45 ildir çörəyini dənizdən çıxaran balıqçıdır. Lənkəran şəhərində yaşayan qocaman balıqçı Xudayar Abbasovla söhbət etdikcə bir daha əmin olduq ki, dənizi, balıq ovunu sevmədən bu sahədə çox duruş gətirmək mümkün deyil.

"Evimiz həm çaya, həm də dənizə yaxın olduğu üçün uşaqlıqdan məndə balıqçılığa həvəs oyanıb. Rəhmətlik atam bu sənətlə məşğul olmasa da, ara-sıra çaya və dənizə balıq tutmağa gedərdik. Elə o vaxtdan da bu sənət yavaş-yavaş beynimə girdi, sanki aramızda gizli bir bağlılıq yarandı", — deyir Xudayar dayı.

1 / 4
Balıqçı Xudayar Abbasov
2 / 4
Balıqçı Xudayar kişi ömrünün 45 ilini bu sənətə verib
3 / 4
Xəzər dənizində balıqçılar
4 / 4
Xəzər dənizində balıqçı dirəkləri

Müsahibimiz danışır ki, uşaqlıqdan balıq tutsa da, balıqçılığa hərbi xidmətdən qayıtdıqdan sonra başlayıb: "Həddi-buluğa çatanda əvvəlcə çaya balıq tutmağa gedirdim, sonra isə dənizə getməyə başladım. 1977-ci ildə əsgərliyimi bitirib evə qayıdandan bu günə kimi isə balıqçılıqla geniş məşğulam".

"O vaxt, demək olar, uşaq idim. Yaşlı balıqçılarla işləyirdim. Bu sənətin sirlərinin çoxunu onlardan öyrənmişəm", — qocaman balıqçı deyir.

Uzun illər balıq vətəgələrində işləmiş həmsöhbətimiz balıqçılığın indiki vəziyyətini əvvəlki illərlə müqayisə edir: "Əvvəl hər balıqçının əl işinə və bacarığına görə qiymət verirdilər. Bizə dövlət tərəfindən maaş yazılırdı. Tutduğumuz balıqları Balıq Kombinatına təhvil verirdik, onun əsasında da bizə maaş yazılırdı. Dövlət tərəfindən verilən maaş kollektiv arasında bölünürdü. Hər kəs stajına və gördüyü işə görə pulunu alırdı. Sovet dönəmində dənizə qayıqlarla çıxmağa qoymazdılar. Ancaq katyollarda (dənizdə qurulan torlar) işləyirdik. İndi isə elə deyil, hər kəs istədiyi kimi, özü üçün gedir, sərbəstlikdir".

Xudayar dayı indiki dövrdə balıqçılıqla dolanmağın çətin olduğu vurğulayır. Bunun səbəbini isə Xəzərin cənub sahillərində balığın tükənməsi ilə əlaqələndirir: "İndi balıq, demək olar ki, yoxdur. Gündən-günə Xəzərdə balıq tükənir, buna görə də balıqçılıq işi zəifləyir. Qışda havaların normadan artıq isti keçməsinə, qar yağmamasına, vaxtında külək olmadığına görə balıq bu il həddindən artıq az oldu. Ona görə biz balıqçılar bu il çox əziyyət çəkdik".

Xəzərdə itkin düşmüş ikinci balıqçının cəsədi tapılıb

Peşəkar balıqçının balıqçılığın inkişafı ilə bağlı təklifi də var: "Düzdür, son zamanlar yenidən balıqartırma yerləri açılmağa başlayıb, amma balıq azdır. Xəzər dənizində də balıq artırmaq olar. Bunun üçün isə bütün Xəzəryanı dövlətlərdə balıq ovu azaldılmalıdır. Balıqların kürütökən vaxtı çaylara girməyinə imkan verilməlidir. Belə olsa, yəqin ki, balıq bir az artar".

X.Abbasov əlavə edir ki, indi xırda balıqları tutmağa icazə verilmir: "Dövlət tərəfindən bizə kvota verilir və orada hansı balıqları tutmağın qadağan olduğu, hansılara icazə verildiyi qeyd olunur. Bu kvotaya əsasən də bizə torlar verilir ki, nə qədər tor qura bilərik. Bizə kefal, külmə, ziyad (kütüm), çəki balıqlarını tutmağa icazə verilir. Nərə balığını tutmaq isə həmişə qadağan olunub. Amma SSRİ dövründə nərə balıqlarının kürütökmə mövsümündə bizə icazə verirdilər ki, həmin balıqları diri tutub, hökumətə təhvil verək".

Xudayar dayı o vaxtın çətinliklərini də yada salır: "Qabaqkı dövrdə internet və müasir telefonlar olmadığından hava haqqında məlumatı istədiyimiz vaxt ala bilmirdik. Bunun da özü ayrıca çətinlik idi. Hər gün ancaq günorta saat 3-ə qalmış hava haqqında məlumat alırdıq. Və o məlumat əsasında işləyirdik, havanın hansı saatlarda necə keçəcəyini isə bilməzdik. İndi isə kompüter əsridir. Artıq küləyin saat neçədə əsəcəyini və hətta hər saatda sürətinin necə olacağını da öyrənmək mümkündür".

İllərin balıqçısı dənizdə başına gələn maraqlı hadisələrdən də danışır: "90-cı illərin əvvəlləri idi, bizə bildirildi ki, gün ərzində hava küləkli olacaq, təbii, saatını demədilər. Baxdım ki, dəniz sakitdir, çıxdıq dənizə. Sahildən təxminən 13-15 mil aralıda torlarda işləyirdik. Birdən külək yavaş-yavaş əsməyə başladı, getdikcə isə gücləndi. Biz sahilə doğru üzməyə başladıq, lakin külək arada qayığa qoşulan motoru döndərirdi, imkan vermirdi üzməyə. Güclü külək və böyük dalğalar vaxtı motor sönə bilər. Motor söndüsə, batacaqsan".

"Həmin gün eşitdik ki, Nərimanabad (indiki Balıqçılar qəsəbəsi) tərəfdə bir qayıqda 2 nəfər cavan balıqçı batıb. Bir başqa vaxt da elə həmin ərazidə bir başqa balıqçı da batmışdı. Onun cəsədi indi mənim işlədiyim ərazidə sahilə çıxdı. Yəni balıqçılığın qorxusu da var, şirinliyi də, acısı da", — o deyir.

Xudayar Abbasovun sözlərinə görə, bir dəfə "balıqların şahı"nı da tutub: "80-ci illər idi, ziyad balığının sürüsünə rast gəldim. Bir həftə boyunca hər gün gün 300, 500, hətta 700 ziyad balığı tuturdum. Amma axırıncı gün tutduğum 500-ə yaxın balığın içərisində bir ziyad balığı var idi ki, digərlərindən həm ölçüsünə, həm rənginə, həm də formasına görə seçilirdi, çox böyük idi. Düşündüm ki, bu balıq yəqin, ziyad sürüsünün şahıdır, lideridir. Odur ki, həmin balığı yenidən dənizə buraxdım və qayıtdıq sahilə. Səhəri yenə gəldik həmin yerə, amma bir dənə də olsun balıq yox idi".

Qocaman balıqçı tutduğu ən böyük balığın isə 700 kq-dan çox olduğunu deyir: "90-cı illərin əvvəlində həyatımda ən böyük balığı tutmuşam. Nərə balığı idi, tam çəkisi 700 kq-a yaxın, bəlkə də çox olardı. Onu tutanda çox qorxduq, güclü balıq idi və az qaldı qayığımızı batırsın. Suda çırpınmağa başladı, hətta bir anlıq qayığı suyun dibinə dartmaq istəyirdi".

"Yanımdakı balıqçıya dedim ki, kəsirəm kəndirləri, yoxsa batıracaq bizi. Balıqçı dostum səbrli olmağımı istədi. Dənizin ortasında nəhəng balıqla savaşırdıq sanki. Suda çox güclü olur belə balıqlar. Nəhəng balığı gücdən salandan sonra qayığa bağladıq, dartaraq sahilə gətirdik", — deyə müsahibimiz ötən illəri xatırlayır.