BAKI, 13 aprel — Sputnik. Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.
Belə ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il tarixdən etibarən həftənin III günləri yola düşəcək. Qatar Naxçıvana 19.04.2018-ci il tarixdən etibarən həftənin IV günləri çatacaq.
Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.