CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial əvəzinə güzəştli mənzillər: Heç də hər kəs üçün əlçatan deyil

"Bəzi insanlar var ki, sosial evlər gözləyirdi, amma onlar mənzil ala bilməyəcəklər"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son bir neçə ildir ev almaq imkanı olmayan vətəndaşlar sosial evlərin satışa çıxarılacağı zamanı səbirsizliklə gözləyirdilər. Bu günlərdə məlumat verildi ki, may ayının əvvəlindən etibarən sosial evlər artıq satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəsmi saytında da sözügedən mənzillərə sahib olmağın şərtləri barədə məlumat yerləşdirildi.

Vətəndaşların diqqətinə: Gözlənilən tarix bəlli oldu

Təəssüflər olsun ki, şərtlər sosial mənzil almağı gözləyən vətəndaşların əksəriyyətini pərişan edib. Belə ki, sosial yox, güzəştli mənzillər adı ilə satışa çıxarılan mənzilləri yalnız şəhid və milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət işində çalışan şəxslər, ən azı 5 il ümumtəhsil məktəbdə işləyən müəllimlər, elmi dərəcəsi olan şəxslər və xüsusi uğur qazanmış idmançılar ala bilərlər.

Bu şərtlərlə razılaşmayan, daha dəqiq desək, şərtlərdən məyus olan vətəndaşlar sosial şəbəkələrdə öz narazılıqlarını ifadə ediblər. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, layihənin şərtləri heç də ədalətli deyil, şərtlər heç də sosial rifahı yaxşı olmayan insanlar üçün düşünülməyib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, bu layihə öncə sosial mənzillər kimi müzakirəyə çıxarılsa da, sonradan güzəştli mənzillər kimi tikildi: "Mənzil İnşaatı Dövlət Agentliyi yaradılandan bu günə qədər mən bu fikirləri irəli sürmüşəm ki, bu, sosial layihə deyil, kommersiya layihəsidir".

"Əvvəlki müzakirələrdə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılana qədər Dövlət Sosial Yardım Fondunun yaradılması və idarə olunması, həmçinin mənzilə ehtiyacı olan, yaşayış minimumunun tələblərinə cavab verən insanların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Mənzil Fondunun yaradılması təklif edilmişdi. Amma Agentlik yaradılandan sonra məlum oldu ki, söhbət sosial mənzillərin yox, daha çox güzəştli mənzillərin tikintisindən və satışından gedir. Bu zaman isə, artıq layihənin kommersiya tərəfi üzə çıxır", — ekspert deyib.

Mütəxəssis şərtlərdən narazı qalan şəxslər barəsində də danışıb: "Bəzi insanlar var ki, sosial evlər gözləyirdi, amma onlar mənzil ala bilməyəcəklər. Yəqin gələcəkdə bu istiqamətdə də müəyyən addımlar atılacaq".

"Biz düşünürdük ki, layihədə 1 kvadrat metr üçün rəqəmlər 800-850 manatı keçməyəcək. Müvafiq ərazi üzrə analoji mənzillərin satışını əsas götürsək, layihədə göstərilən qiymətlər həmin ərazidə satışda olan digər hazır evlərin qiymətindən daha yüksəkdir" — R.Osmanlı bildirib.

Yeni tikili, sovet binası, yoxsa fərdi ev - Qiymətlər nə deyir?

"Amma bunları da nəzərə almaq lazımdır ki, həmin evlər mətbəx mebeli ilə təchiz olunacaq. Bir də mənzilin xarici divarları mənzilin sahəsinə aid edilmir. Eyni zamanda, siyahı ilə güzəştli ev alması mümkün olan şəxslər nağd şəkildə mənzil alarsa, bu zaman 10 faiz güzəşt əldə edəcəklər", — ekspert əlavə edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova isə Sputnik Azərbaycan-a qısa açıqlamasında bildirib ki, mənzillər bazar qiymətinə nisbətən çox aşağı qiymətə satılır və şərtlər bütün gözləntilərə uyğundur.