Fuad Əlizadə, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Bakıda bank filiallarının dollar satmaması ilə bağlı yayılan xəbər qısmən təsdiqini tapıb. Sosial şəbəkələrdə və ictimaiyyət arasında yayılan bu söhbətlərin nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı "Elmlər Akademiyası" metrostansiyası və Hüseyn Cavid parkının ətrafında yerləşən bir sıra bankların filiallarına baş vuraraq xarici valyuta barədə soruşub.
Əməkdaşımız 6 bank filialında olub və səhər saat 11.00-a qədər olan vəziyyət müəyyən fikir yürütməyə imkan verib. İlk bankdan bildiriblər ki, kassada dollar qurtarıb, amma yaxın 1,5 saat ərzində satış üçün yeni partiya ABŞ valyutası gətiriləcək.
Digər bankın filialından isə bildiriblər ki, dolların satışı müvəqqəti dayandırılıb və bazar ertəsindən başlanacaq. Dollar almaq məqsədilə getdiyimiz digər üç bank filialından da əliboş qayıtmalı olduq. Hamısı bankda dolların olmadığını bildirdilər. Təkcə "Kapital Bank"-da bildirdilər ki, dolların satışına məhdudiyyət yoxdur və bizə sıra nömrəsi götürərək dollar almaq üçün öz növbəmizi gözləməyi təklif etdilər.
Xatırladaq ki, ötən şənbə günü — aprelin 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsinin dəyişdirilməsinə həsr olunmuş mətbuat konfransında AMB İdarə Heyətinin sədri Elman Rüstəmov Sputnik Azərbaycan-ın manatın kursunun zəifləməsi ilə bağlı sualını cavablandırarkən deyib: "Belə bir halın baş verməsi üçün heç bir fundamental səbəb yoxdur. Hazırda Azərbaycanın tədiyyə balansı müsbət zonadadır və bu ilin birinci rübündə keçirilən valyuta hərraclarında, xarici valyutanın tədarükü bankların tələbatını üstələyib".
Öz növbəsində Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev dolların satışdan yoxa çıxması barədə sualımızı təəccüblə qarşılayıb. O qeyd edib ki, AMB Amerika valyutasına olan tələbi tamamilə əhatə edib.
"Sizin bu siqnalınızdan sonra, biz qeyd etdiyiniz bankların şöbələrində dolların satışının olmaması səbəblərini dərhal araşdırmağa və problemi həll etməyə başlayacağıq" — deyə N.Əliyev bildirib.
Ümid edirik ki, Bakıdakı bank filiallarında dolların satışı ilə bağlı problem nəinki tamamilə həll olunacaq, həm də bankların heç bir səbəb olmadan niyə xarici valyutanı satmaqdan imtina etdiyi sualına da aydınlıq gətiriləcək. Ölkədəki makroiqtisadi vəziyyətin sabitləşdiyi hazırkı şəraitində kommersiya banklarında xarici valyutanın olmaması ilə bağlı şayiələri yaymaq və bununla yanaşı manatın mümkün devalvasiyası ilə bağlı "söz-söhbətləri" artırmaq kimə lazımdır?
2017-ci ilin yekunlarına görə, Azərbaycanda 30 bank fəaliyyət göstərir. Onların respublika üzrə 509 filialı, 142 şöbəsi var. Həmin banklarda 16 171 nəfər çalışır.