BAKI, 13 aprel — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikinti işlərinə start verilib. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndirilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.
Nəcəflinin sözlərinə görə, yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir. Bu ərazidə çoxlu çaylar, meliorasiya qurğuları, su hövzələri ilə, neft çıxarılan ərazilərlə kəsişmələr layihənin ən əhəmiyyətli aspektidir.
"Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-52, 3-cü lot 52-76, 4-cü lot isə 76-98-ci km-lik hissələri əhatə edir. 1-ci lot üzrə artıq layihələndirmə işləri yekunlaşmaq üzrədir, paralel olaraq yolun tikinti işlərinə başlanılıb. Layihənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (8 km) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi nəzərdə tutulur" — AYDA sözçüsü bildirib.
A.Nəcəfli əlavə edib ki, yeni tikilən avtomobil yolunun 1-ci lot boyu tikinti-quraşdırma işləri hazırda 3 hissədə aparılır: "Aparılan işlər çərçivəsində 8-13.5-ci və 24.5-26-cı km-lik hissələrində bitki qatı sıyırılıb çıxarılıb, yolun 9.8-10.2-ci və 24.6+25-ci km-lik hissələrdə isə dolğu işləri getməkdədir. Yeni yolun sözügedən hissəsi boyunca 9 ədəd yol keçidi və yol ötürücü körpünün, 1 ədəd kanal körpüsünün, 5 ədəd düzbucaqlı yolaltı avtomobil keçidin, 30 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tkintisi, yüksək/aşağı gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub".
Qeyd edilir ki, yeni inşa edilən yol 97 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 157 km təşkil edəcək.