İQTİSADİYYAT

Bağlanmış bankla bağlı önəmli xəbər

Kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir
Sputnik

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitdiyi bildirilir.

Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.