MƏDƏNİYYƏT

Azərbaycanlılar "Sarı gəlin"lə dubaylıları valeh ediblər

Azərbaycanın əməkdar artisti tarda "Sarı gəlin"i çaldı, Sami Yusuf oxudu, ərəblərsə valeh oldular
Sputnik

BAKI, 13 aprel — Sputnik. Azərbaycanın əməkdar artist Sahib Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Məcazdakı böyük konsert salonunda çıxış edib.

Tar ifaçısının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 5 minlik publikanın qarşısında Hindistan, Suriya, Livan, İran və Türkiyədən olan musiqiçilər öz məharətlərini göstəriblər.

Onu sevindirən əsas məsələ bu olub ki, konserdə dünya şöhrətli azərbaycanlı bəstəkar və müğənni Sami Yusufla birgə çıxış edib.

"Təşkilatçılar xəbər verdilər ki, onlar məni seçiblər. Çünki mənim sosial şəbəkəyə yerləşdirilmiş çarxdakı çıxışım onlıarın çox xoşuna gəlib. Üç günlük məşqlərdən sonra konsert baş tutdu. Burada Sami Yusuf tərəfindən yazılmış 27 kompozisiya təqdim olundu" — deyə Paşazadə bildirib.

O qeyd edib ki, konsert başa çatandan sonra onlar tamaşaçıların xahişi ilə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa ediblər. Paşazadə də tarda muğamdan bir parça ifa edib. Tamaşaçılar onun ifasını ayaq üstə alqışlayıblar. Onun sözlərinə görə, bu tədbir Azərbaycanın milli musiqi aləti olan tarın təbliği üçün vacib əhəmiyyət kəsb edib.

Sahib Paşayev artıq uzun illərdir xaricdə keçirilən müxtəlif festival, konsert və müsabiqələrdə Azərbaycanı təmsil edir.