BAKI, 11 aprel — Sputnik. "Biz Azərbaycan cəmiyyətinin birliyini görürük. Belə bir birliyi eynilə biz Rusiya ictimaiyyətində, artıq seçilmiş prezident Vladimir Putinin ətrafında da müşahidə etmişdik".
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Rusiyadan olan müşahidəçilər qrupunun koordinatoru İlyas Umaxanov Sputnik Azərbaycan-a müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda və Rusiyada keçirilən seçkilərdə bir çox əhəmiyyətli oxşarlıqlar var: "Hələ 10-15 il əvvəl beynəlxalq müşahidəçilərin, xüsusilə də Qərb ölkələrindən gələnlərin ifadə və çıxışlarındakı əsas tondan onların təlimat aldıqları hiss olunurdu. Bu gün biz əminliklə deyə bilərik ki, Rusiya Federasiyası və Azərbaycan Respublikasının qanunvericiyində əksini tapmış vətəndaşların seçki hüququ bir sıra Qərb ölkələrinə nümunə ola bilər".
Bununla yanaşı, Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib ki, Azərbaycanda keçirilən prezident seçkiləri açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir: "Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, yaxşı təchiz olunmuş məntəqələrdir, heç bir maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır".
"Seçkilərin qanunauyğun şəkildə təşkil olunduğunu məntəqələrin elektron vasitələr və texniki vəsaitlərlə təchizatı, səslərin operativ sayılma sisteminin yaradılması və bir sıra digər atributlar də təsdiq edir. Bütün bunlar dünya seçki praktikasında mövcud olan ən yaxşı təcrübələrdir. Bu vacib oxşarlıqlar hər iki ölkəni birləşdirən başlıca cəhətdir" — deyə Umaxanov bildirib.
"İkinci amil, seçkiyə gələn insanların əhval-ruhiyyəsidir. Biz Azərbaycan ictimaiyyətinin birliyini hiss edirik. Belə bir birliyi biz eynilə Rusiya ictimaiyyətində, artıq seçilmiş prezident Vladimir Putinin ətrafında da müşahidə etmişdik" — deyə o, əlavə edib.
Daha sonra rusiyalı nümayəndə deyib: "Mən Azərbaycanda seçkilərin nəticələri ilə bağlı qabaqcadan fikir söyləmək istəmirəm, amma insanların əhval-ruhiyyəsi göstərir ki, onlar Azərbaycan Respublikasında keçirilən seçkilərin nəticələrini məmnuniyyətlə qəbul edəcəklər".
Missiya rəhbərinin sözlərinə görə, bu, sadəcə bir gözlənti deyil, həm də sabahkı günə əminlikdir: "Bunların hər biri Rusiya üçün Azərbaycan Respublikasının sabit və davamlı inkişafı baxımından önəmlidir. Biz qonşu dövlətin vətəndaşı olaraq bunda çox maraqlıyıq və istənilən halda Azərbaycan xalqına uğurlar arzulayırırq".
Bu seçkidə hansı yenilikləri müşahidə etdikərinə gəlincə, Umaxanov deyib ki, bu yeniliklər 2016-cı ildə olub: "Onlar daimi fəaliyyət göstərən seçki komissiyalarının formalaşdırılmasıdır. Bu təcrübə Rusiyada da var. Müxalifət partiyalarının və Milli Məclisdə təmsil olunan partiyaların təmsilçilərinin çoxlu geniş hüquqlarını da qeyd etmək lazımdır. Onların hakim siyasi partiyadan heç də az hüquqları yoxdur. Bu, seçkilərin açıq və demokratik olmasının göstəricidir. Bu isə seçki qanunvericiliyiində və seçki təcrübəsində irəliyə doğru addımdır."
Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Səsvermə səhər saat 08.00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.
Seçki günü – aprelin 11-də seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malikdir.
Prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək.