BAKI, 11 aprel — Sputnik. "Azərbaycanda keçirilən prezident seçkiləri açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir. Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu, maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bu açıqlamanı jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib. O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib.
Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Səsvermə səhər saat 08.00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.
Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub.
Seçki günü – aprelin 11-də seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.
Prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək.
Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da "Seçkilər" İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcək.