Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO

Deputat qeyd edib ki, bunun üçün insanlar aprelin 13-də Azadlıq meydanındakı mitinqə gəlməli və bir yerdə “azadlıq məşəli” yandırmalıdırlar
Sputnik

BAKI, 11 aprel — Sputnik. Ermənistan parlamentinin “Elk” partiyasından olan müxalifətçi deputatları iclas zalında tüstü fişəngləri yandırıblar. Sputnik Ermənistan xəbər verir ki, deputat Ararat Mirzoyan çıxışından sonra həmkarı Lena Nazaryanla birlikdə üç rəngdən ibarət “azadlıq məşəli” yandırıblar.

Mirzoyan çıxışı zamanı xalqı keçmiş prezident Serj Sarqsyandan qurtulmağa çağırıb: “Ermənistan Respublikasının azad vətəndaşları! Serj Sarqsyanın üçüncü müddətə idarəçiliyinin qarşısını almaq, Ermənistan Respublika Partiyasının hakimiyyətinə son qoymaq və arzu etdiyimiz Ermənistanı qurmaq vaxtı çatıb!”

Deputat qeyd edib ki, bunun üçün insanlar aprelin 13-də Azadlıq meydanında keçiriləcək mitinqə gəlməli və bir yerdə “azadlıq məşəli” yandırmalıdırlar.

Bundan sonra Mirzoyan sarı rəngli fişəngi yandırıb. Lena Mirzoyan da daha iki fişəng yandıraraq, tribunada ona qoşulub.

Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov şounun baş tutmadığını deyib: “Qapıları açın ki, hava gəlsin və biz normal işləyək”.

Qeyd edək ki, aprelin 13-də “Elk” partiyası Yerevanın mərkəzində etiraz aksiyası keçirməyə hazırlaşır. Partiyanın lideri Nikola Paşinyan Gümrü şəhərindən başlayaraq paytaxta yürüş təşkil edib.