BAKI, 11 aprel — Sputnik. Bakının Nərimanov rayonu ərazisində böyük söküntü işləri gedir.
Sputnik Azərbaycanlent.az-a istinadla xəbər verir ki, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin yaxınlığından "28 may" metrostansiyasının təzə girişinə qədər köhnə binalar və tikililər tamamilə boşaldılır, əhali köçürülür. Bakının ən böyük rayonlarından birinin siması yaxın gələcəkdə Nazirlər Kabinetinin təsdiqlədiyi pilot layihəyə uyğun olaraq tamamilə dəyişəcək. Sözügedən ərazidə bir neçə məktəb yerləşdiyindən və köçürülmə prosesi məktəblərdəki şagird kontingentinin sayına da təsir göstərdiyindən bu məktəblərin də köçürülmə ehtimalının olub-olmaması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik.
İdarədən verilən cavaba görə, qeyd olunan ərazilərdə həyata keçirilən əsaslı inkişaf layihələri ilə əlaqədar müvafiq məktəblərin şagird kontingentində dəyişiklik müşahidə olunacağı təqdirdə vəziyyətə uyğun tədbirlər görüləcək. Hazırda həmin təhsil müəssisələri fəaliyyətini normal şəkildə davam etdirir.