BAKI, 10 aprel — Sputnik. Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat 08.00-da dayandırılıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov).