RUSİYA

Sanksiyaların ilk təsiri: 15 milyard dollarlıq itki var

BBI-nin reytinq siyahısındakı 25 rusiyalı milyarderdən 24-ü ciddi maliyyə itkisi verib
Sputnik

BAKI, 10 aprel — Sputnik. ABŞ-ın yeni sanksiyalarından sonra Rusiya milyarderləri 15 milyard dollar itirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) məlumat verib.

BBI reytinqi dünyanın ən zəngin 500 nəfərini əhatə edir və Nyu-Yorkda birja əməliyyatlarının bağlanması nəticəsində hər gün yenilənir. Bu siyahıda indi 25 rusiyalı milyarder var. Bazar ertəsi yalnız onlardan biri öz sərvətini artıra bilib, qalan 24 nəfərdə isə geriləmə müşahidə edilib.

ABŞ-ın sanksiyalarına Rusiyadan cavab: “Qara siyahı” genişlənir

Daha çox "Nornikelya" şirkətinin prezidenti Vladimir Potaninin sərvətində azalma müşahidə edilib. Potanin 2,28 milyard dollar itirib. "Renova" şirkətlər qrupunun sahibi Viktor Vekselberq 1,28 milyard, "Lukoil"-in sahibi, Azərbaycan əsilli biznesmen Vahid Ələkbərov 1,37 milyard dollar, "Sibura" və "Novatek" şirkətlərinin sahibi Leonid Mixelson isə 1, 03 milyard dolar itirib.

Bundan əlavə, "Severstali" şirkətinin sahibi Aleksey Mordaşov 987 milyon dollar, iş adamları Gennadiy Timeşenko 1,15 milyard dollar, Mixail Proxorov 95,7 milyon dollar itirib. Alişer Usmanovun sərvəti 255 milyon dollar, iş adamı Mixail Fridmanın sərvəti 455 milyon dollar azalıb.

Xatırladaq ki, ötən cümə günü ABŞ bir sıra Rusiya biznesmenlərinə və yüksək çinli məmurlara qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar 38 rusiyalı iş adamına və şirkət rəhbərlərinə qarşı tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, "Qazprom"-un rəhbəri Aleksey Miller də var.

Cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a illuziyalardan uzaq olmağı məsələhət görüb və sərt cavabın veriləcəyini bildirib.