MƏDƏNİYYƏT

Ağsu sakininin həyətindən skelet tapıldı, üzərində də ilan və insan təsvirləri...

Nərgizava nekropolunda arxeoloji qazıntı işləri aparılır
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşən Nərgizava qədim yaşayış məskənində (nekropol) arxeoloji qazıntı aparılır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qazıntı üçün ilk olaraq Gəgəli kənd sakini Sahib Mirzəyevin həyəti seçilib.

32 kv.m. sahədə aparılan qazıntı zamanı yer üstündən 40 sm dərinlikdə şum işləri aparılarkən dağılmış təbəqənin qarışıq materialları və insan skeletinin qalıqları üzə çıxıb. 60 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub.

Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşən Nərgizava qədim yaşayış məskənində (nekropol) arxeoloji qazıntılar

3 saylı qəbirin skeletinin vəziyyəti zəif bükülü, istiqaməti üzü cənuba olub, bel yerində ilan və insan təsvirli kəmər başlığı aşkar olunub. Ayaq tərəfində isə Nərgizava mədəniyyətinə məxsus dördqulplu saxsı şərab qabı, Şirvan mədəniyyətinə xas ilgəkvari qulplu saxsı yemək qabı, dolça tipli saxsı su qab tapılıb. Bütün qablar ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib.

Skeletin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşı da götürülüb. Bu zəngin şəxsə malik olduğu ehtimal edilən skeletin əlləri və ayaqları arasında geyimə məxsus çürüntü qalıqları yanıq effekti yaradıb. Kəmər başlığı da həmin hissədə üzə çıxıb.

Maraqlıdır ki, bu skeletin ətrafında üzə çıxan daha iki sıx bükülmüş skeletin istiqaməti şimala və qərbədir. Qazıntı işlərinin genişləndirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.

Qeyd edək ki, Nərgizava nekropolu 1998-ci ildə, o zaman Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbəsi olmuş Fariz Xəlilli tərəfindən üzə çıxarılıb. Kənd sakinlərinin təsadüfən aşkar etdiyi materiallar Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşən Nərgizava qədim yaşayış məskənində (nekropol) arxeoloji qazıntılar

2006-cı ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası zamanı Nərgizava nekropolunda 25-dən çox küp qəbirləri aşkar olunub. 2008-2010-cu illərdə arxeoloqlar Şirzad Əhmədov və Akif Quliyev torpaq qəbirlərin yerləşdiyi həyətlərdə yoxlama qazıntısı aparsalar da, sonradan ərazi genişləndirilmədiyindən iş yarımçıq qalıb.

AMEA-nın müxbir üzvü Vəli Əliyevin başlatdığı yeni qazıntı nekropolun öyrənilməsi ilə yanaşı, qədim yaşayış yerinin üzə çıxarılmasına da imkan verəcək. Hazırda Türkiyənin Niğde Ömər Halisdəmir Universitetinin magistri Ramil Vəliyev isə "Nərgizavanın saxsı məlumatı və metal əşyaları" mövzusunda dissertasiya üzərində işləyir.

Martın 24-də AMEA-nın müxbir üzvü Vəli Əliyev Nərgizava nekropolunda açılan qəbirlərin ətrafında Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdləri və Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun üzvləri üçün ustad dərsi keçib. Məktəblilərin suallarına cavab verən arxeoloq Nərgizava nekropolunda Qafqaz Albaniyası adət-ənənələrinin izləndiyini bildirib. E.ə. III-I əsrlərdə ellin dünyası ilə sıx əlaqəsi və xüsusilə axirətə inamla bağlı məsələlər ətrafında söhbətlər edib.

Vurğulayaq ki, Nərgizava nekropolunda aparılan qazıntı işlərinə AMEA-nın müxbir üzvü Vəli Əliyevin tələbəsi və Gəgəli kənd sakini, tarix üzrə fəlsəfə doktoru, MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli də yaxından dəstək verib.