İQTİSADİYYAT

Manatın ucuzlaşıb-ucuzlaşmayacağına aydınlıq gətirildi

Ekspert: "Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir"
Sputnik

BAKI, 10 aprel — Sputnik. "ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində yazıb. 

Mərkəzi Bankdan manatın taleyinə təsir edəcək addım

Ekspert bildirib ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır: "Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var".

O yazıb: "İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir".

Onun fikrincə, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir: "Gözlənilməz hadisə baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu çətinliklər gözləyir".