TƏHLİL

Süründürməçilik bitir, dövlət qurumlarının xidməti çox asanlaşacaq

"Dövlət qurumunda sizinlə bağlı informasiya varsa, daha heç bir qurum onu sizdən kağız formada istəməyəcək"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz dövlət başçısının 14 mart 2018-ci tarixli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərmanını şərh edib. O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkəmizdə elektron hökumət quruculuğu ilə bağlı 2009-cu ildən sonra mərkəzləşdirilmiş formada hökumət tərəfindən müəyyən addımlar atılıb.

"10 il ərzində müəyyən işlər görülüb, infrastruktur, portal qurulub, 400-ə qədər xidmətlər elektrona çevrilib və s. Yəni son 9-10 ildə "Elektron hökumət"in inkişafı ilə bağlı müəyyən işlər görülüb", — deyə o, əlavə edib.

O.Gündüzün fikrincə, bəzi məsələlər var idi ki, bununla bağlı ciddi addımların atılmasına, konkret qərarların qəbul olunmasına ehtiyac var idi: "Elə bir mexanizm qurulmalı idi ki, artıq bu məsələlər yeni bir mühitə uyğunlaşsın. Bu fərmanda bir sıra terminlərdən istifadə olunub. Əvvəlki sənədlərdə "Elektron hökumət" quruculuğu və s. gedirdi. Amma burada rəqəmsal hökumətə keçiddən söhbət gedir. Yəni hökumətin yeni bir inkişaf mərhələsinə uyğun daha çox mobil texnologiyalar üzərinə gətirilməsindən söhbət gedir".

Ekspertin qənaətincə, "Elektron hökumət" quruculuğunda bir mərkəzi koordinasiya qurumuna ciddi ehtiyac var idi: "İndiyədək bir neçə qurumun elektron hökumət sahəsində səlahiyyəti var idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, təhlükəsizliklə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və s.".

"Yəni bir neçə qurum burada səlahiyyətli idi. Amma indi artıq konkret bir quruma koordinasiya və tənzimləmə səlahiyyəti verilib. Yəni indiyədək Azərbaycanda bu tip səlahiyyətlər konkret bir qurumda yox idi. Bu, çox əhəmiyyətlidir. Bunun olmaması ciddi problem yaradırdı. Məsələn, elə dövlət qurumu var idi ki, özündə olan informasiya sisteminə, bazasına digər bir qurumun girişinə icazə vermirdi. Yəni sanki hər bir dövlət qurumu özü üçün bir sistem qururdu, bir baza yaradırdı", — o bildirib.

Ekspert əmindir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxs yaradılandan sonra səlahiyyəti çatacaq ki, bu inteqrasiyanın baş verməsi üçün dərhal qərar qəbul etsin: "Məsələn, hazırda bir dövlət qurumuna müraciət etsəniz, sizə deyəcək ki, gedin, yaşayış yerindən arayış gətirin. Hansı ki, bu arayış Daxili İşlər Nazirliyində var. Və yaxud deyəcək ki, gedin, filan yerdən diplomun sürətini gətirin. Amma sizin diplomunuz Təhsil Nazirliyinin kompüterində var".

"Amma bundan sonra belə olmayacaq. Hansısa bir dövlət qurumunda sizinlə bağlı informasiya varsa, daha heç bir dövlət qurumu o informasiyanı sizdən kağız formada istəməyəcək. Sistemə girib özləri götürəcəklər. Məsələn, 100 dövlət qurumu varsa, onların hər hansı birində sizinlə bağlı informasiya mövcuddursa, 99 dövlət qurumuna sizdən o informasiyanı istəmək qadağan ediləcək. Sistemə girib özləri götürəcəklər", — o deyib.

O.Gündüzün sözlərinə görə, burada bir inteqrasiya, effektivlik baş verəcək, çeviklik əldə olunacaq, xüsusilə mobil texnologiyaların üzərinə gəlinəcək: "İndi hamı mobil texnologiyalardan istifadə edir. Yəqin bu, onların üzərinə gəlinəcək. Elə "Strateji Yol Xəritəsi"ndə də qeyd olunub ki, "mobil hökumət"ə keçidlə bağlı da bir konsepsiya hazırlanmalıdır. Hazırda bu konsepsiyanı gözləyirik. Yəqin bu məsələlər konsepsiyada əksini tapacaq".

Ekspert bildirib ki, hazırda Azərbaycanda mərkəzi orqanlar ilə regional orqanlar arasında ciddi disbalans, rəqəmsal bərabərsizlik var: "Azərbaycanda regionlarda "Elektron hökumət" yoxdur. Rayon icra hakimiyyətlərinin göstərdiyi xidmətlər təxminən 25-40 arasındadır. Bu xidmətlərin 99 faizi əhaliyə elektron formada verilmir. Hesab edirəm ki, rəqəmsala keçdikdən sonra regional "Elektron hökumət" quruculuğunda da böyük bir sıçrayış əmələ gələ bilər".

Qeyd edək ki, sözügedən fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirmək, "Elektron hökumət" portalının idarə olunmasını və fəaliyyətini təmin etmək və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görmək, dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini "elektron hökumət" portalı vasitəsilə təşkil etmək, elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B — government to business), biznes-dövlət (B2G — business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görmək, habelə "Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı"nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Dövlət qurumları və vətəndaşlar qarşısında sərt tələb: Göz yumanlar cəzalandırılacaq

Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına veriləcək.

Fərmanda deyilir ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib. Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

Məqsəd bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etməkdir.