CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Beynəlxalq Avtovağzalında nə baş verir?

Şəhərdaxili, şəhərlərarası dayanacaqların və Sumqayıt avtostansiyasının olduğu ərazidə yeni nəqliyyat-mübadilə mərkəzi tikilir
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Bir müddətdir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) təmir işləri aparılır. Bu, bir çox sürücülərin narahatlığına səbəb olduğu üçün redaksiyamıza çoxsaylı zənglər daxil olurdu. Sputnik Azərbaycan-ın əməkdaşı məsələni araşdırmaq üçün Bakı Beynəlxalq Avtovağzalında olub.

BBAK-nın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov vağzalda aparılan təmir-bərpa işlərindən danışıb. Bildirib ki, avtovağzalın perron ərazisində izolyasiya qatının qismən bərpası, kompleksin binasının işıqlandırılmasının təkmilləşdirilməsi və dam örtüyünün yenilənməsi istiqamətində də işlər görülür.

Bakı Beynəlxalq Avtovağzalının ərazisində təmir işləri

Y.İsakovun sözlərinə görə, kompleksin zirzəmisi bərpa olunub, ərazidəki qrunt sularının təmizlənməsi prosesi tam başa çatdırılıb. Bu məqsədlə əlavə altı nasos quraşdırılıb.

Qeyd edək ki, sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində müxtəlif təyinatlı infrastrukturlar – hotel, ticarət, ictimai iaşə müəssisələri, müxtəlif xidmət sahələri və s. fəaliyyət göstərir.

Avtovağzal sözçüsü vurğulayıb ki, hər gün yüzlərlə yerli və xarici vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin xidmətlərindən istifadə edir: "Avtovağzala üz tutan insanların təhlükəsizliyini təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində bir sıra işlər görülüb. Nəzarət kameraları və yanğından mühafizə sistemi təkmilləşdirilib".

Bakı Beynəlxalq Avtovağzalının ərazisində təmir işləri

İsakov qeyd edib ki, bu istiqamətdə təmir və bərpa işləri yaxın gələcəkdə də davam etdiriləcək: "Şəhərdaxili, şəhərlərarası dayanacaqların və Sumqayıt avtostansiyasının olduğu ərazidə yeni nəqliyyat-mübadilə mərkəzi tikilir".

"Hazırda həmin ərazidə təmir-bərpa işləri aparıldığı üçün dayanacaqlar müvəqqəti olaraq başqa yerə köçürülüb. Sərnişinlərin, piyadaların çətinlik çəkməməsi üçün Avtovağzalın sərnişindaşıma ilə məşğul olan əməkdaşları yeraltı keçidin, piyada keçidinin, metronun çıxışının yerini vətəndaşlara göstərirlər", — qurumun sözçüsü deyib.

Xatırladaq ki, metronun bir çıxışı avtovağzala açılır.

Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır

Yaşar İsakov əlavə edib ki, gələcəkdə avtovağzalın giriş və çıxış zonalarının yenidən təkmilləşdirilməsi, o cümlədən Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki otelin fəaliyyətinin bərpası, şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulmuş dayanacağın yenidən qurulması və təmiri nəzərdə tutulub.

Y.İsakovdan onu da öyrəndik ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində quruculuq və təmir-bərpa işləri yay aylarının sonunda başa çatacaq.