Azərbaycanda nazir müavini vəfat etdi

A.Vəlibəyov 71 yaşında dünyasını dəyişib
Sputnik

BAKI, 9 aprel — Sputnik. Azərbaycan səhiyyə nazirinin müavini vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan səhiyyə nazirinin müavini, tanınmış səhiyyə xadimi Abbas Vəlibəyov vəfat edib. A.Vəlibəyov 71 yaşında dünyasını dəyişib. 

Azərbaycanda məşhur həkim vəfat edib

Xatırladaq ki, mərhum səhiyyə işçisi 1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim-epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru, 1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru olub. 1999-cu ildən vəfat edən günə kimi Səhiyyə Nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışıb. 

Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə "Əməkdar həkim" fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülüb. 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.