TƏHLİL

Vətəndaşlara "Gürcüstan xəbərdarlığı"nın açması: Sərhədə çatmadan oxuyun

"Bu yenilik Azərbaycandan Gürcüstana şəxsi avtomobili ilə gedənlərin sayına təsir etməyəcək"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Azərbaycan əhalisinin istirahət üçün üz tutduğu xarici ölkələr arasında Gürcüstan birincilər sırasında durur. Qonşu ölkəyə üz tutanların bir qismi avtobus, qatar və ya təyyarə ilə, digər qismi isə öz şəxsi avtomobili ilə getməyə üstünlük verir.

Gürcüstana ayaq bassanız, başınıza gələcəklərdən agah olun

Gürcüstanda qəbul edilmiş yeni qaydaya əsasən, mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə şəxsi avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edən xarici vətəndaşlar isə, nəqliyyatın növündən asılı olaraq, 100-200 lari məbləğində cərimələnəcəklər.

Sputnik Azərbaycan ekspertlərlə Gürcüstandakı yeni sığorta qaydasının azərbaycanlı turistlərə nə kimi müsbət və mənfi təsirləri olacağını araşdırıb.

Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, Azərbaycanda bu qanun 1996-cı ildən bəri tətbiq edilir: "Həmin ildə "Mülki məsuliyyətin icbari sığortası haqqında" Qanun qəbul edilib. "İcbari sığortalar haqqında" Qanun qəbul ediləndən sonra isə həmin qanun ləğv olundu və limitlər artırıldı. 1997-ci ildən Azərbaycana daxil olan istənilən xarici nömrəli avtomobil sərhəddə sığortalanır. İcbari sığorta bağlanmazsa, istər yerli, istər xarici vətəndaş olsun, qanunu pozan hər kəs İnzibati Xətalar Məcəlləsinə görə 50 manat cərimə olunur".

"Gürcüstan da bu qanunu 1 mart 2018-ci ildən tətbiq etməyə başlayıb. Gürcüstan ərazisinə keçən zaman sığorta olunmayan minik avtomobillərinin sürücüləri 100 lari, yük avtomobillərinin sürücüləri isə 200 lari cərimə ödəməli olacaqlar", — deyə ekspert əlavə edib.

X.Məmmədxanlının fikrincə, bu sığortanın tətbiq edilməsinin əsas səbəbi odur ki, Gürcüstana gedən avtomobil qəza törədərsə, zərər dəymiş digər avtomobilin xərcini artıq sürücü deyil, sığorta ödəyəcək. Bunu isə Gürcüstanda sığorta şirkətləri həyata keçirəcək. Qanunun Gürcüstan üçün xeyirli olub-olmamasını isə zaman göstərəcək. Əgər yol qəzaları az olarsa, gəlirləri çox, qəza çox olarsa, gəlirləri az olacaq", — ekspert deyib.

Gürcüstana gedənlərə bəd xəbər

Hüquqşünas Ərşad Hüseynov isə məsələyə belə aydınlıq gətirib: "Bu gün dünyanın, demək olar ki, bütün dövlətlərində avtomobil sahiblərinin mülki məsuliyyət sığortası var. 10 il bundan əvvəl Gürcüstanda da olub. Daha sonra formal, yəni kağız üzərində olduğu üçün yığışdırılıb. Artıq bu ilin mart ayından bütün dünyanın tətbiq etdiyi "Mülki məsuliyyətinin məcburi sığortası" yenidən tətbiq edilməyə başlayıb".

Hüquqşünasın qənaətincə, bu sığortanın olması çox vacib məsələdir: "Məsələn, bir azərbaycanlı Gürcüstana keçir və orada hər hansı bir nəqliyyat vasitəsini əzir. Amma cibində o xərci qarşılayacaq qədər pul olmur. Bu da böyük problemlərə səbəb olur. Amma həmin sürücü az məbləğdə pul ödəyib sığorta edirsə, bu zaman artıq dərd etmir. Sığorta özü onun işini həll edir".

Ə.Hüseynov düşünür ki, yeni qayda Azərbaycandan Gürcüstana şəxsi avtomobili ilə gedənlərin sayına təsir etməyəcək: "Çünki sığorta xərci böyük məbləğ deyil və əksinə, sürücünün özü üçün yaxşıdır".

Qeyd edək ki, minik avtomobilləri üçün 15 günlük sığorta haqqı 30 lari (20.70 manat), 30 günlük 50 lari (34.54 manat), 90 günlük 90 lari (62 manat), 1 illik 295 lari (203 manat) təşkil edir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (RBDYPİ) ötən həftə Azərbaycandan Gürcüstana səfər edən nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edib. İdarədən bildirilib ki, Gürcüstanın Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb. Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır.

Gürcüstanın qanunvericiliyinə əsasən, cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin cərimə olunması nəzərdə tutulduğundan DİN RBDYPİ Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər.