BAKI, 7 aprel — Sputnik. ABŞ Milli Qvardiyasının hərbçilərinin ilk dəstəsi Meksika sərhədinə göndərilib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis və daxili təhlükəsizlik naziri Kristen Nilsenin birgə bəyanatında bildirilir.
Nilsen Twitter-dəki səhifəsində Meksika sərhədinə qoşun göndərilməsinin səbəblərini açıqlayıb: “Bu gün axşam (Bakı vaxtı ilə səhər tezdən) Milli Qvardiyanın qoşunları ABŞ-ın cənub-şərq sərhədi boyunca təhlükəsizliyin təmin edilməsi missiyasını həyata keçirmək üçün yola çıxıb”.
Bəyanatda qeyd edilir ki, Milli Qvardiyanın əsgərləri Daxili Təhlükəsizlik Departamenti tərəfindən müəyyən edilən “təhlükə yaranan ərazilərdə” tapşırıq həyata keçirəcəklər. Bu zaman onlar sərhəddə yerləşən ştatların qubernatorları ilə sıx əlaqədə olacaqlar.
Milli Qvardiya ABŞ Silahlı Qüvvələrinin hissələrindən biridir. Milli Qvardiya həm mərkəzi hökumətə, həm də ştat qubernatorlarına tabedir. Ondan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, bəzi hallarda isə kütləvi qanun pozuntularının qarşısının alınmasında istifadə edirlər. Milli Qvardiyanın əsgərləri döyüş bölgələrinə də göndərilir.