SƏHİYYƏ

Vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib

Çoxsaylı dərmanlara davamlı vərəmdən sağalma 2016-cı ildə 59% təşkil edib
Sputnik

BAKI, 6 aprel — Sputnik. "Sağlamlığa Xidmət" İctimai Birliyinin təşəbbüsü ilə Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan "Sağlımlığa Xidmət" İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2016-cı illər ərzində dünyada 53 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün 28500 insan vərəmlə xəstələnir, hər gün 4500 insan vərəmdən vəfat edir: "2016-cı ildə 1 milyon uşaq vərəmlə xəstələnib. 210 min uşaq isə vərəmdən vəfat edib. 2016-cı ildə vərəmə tutulmuş 10.4 milyon insandan yalnız 6.3 milyonu aşkar edilib və qeydiyayata alınıb. Vərəm daha çox Hindistan, İndoneziya, Çin, Filippindədir. Çoxsaylı dərmanlarla davamlı vərəmdən sağalma 2016-cı ildə 59% təşkil edib".

Daha sonra İctimai Birliyin sədri Elçin Muxtarlı çıxış edərək layihənin əhəmiyyətindən danışdı. O, bildirdi ki, vərəm bəşəriyyət yaranandan dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir: "Vərəm hava vasitəsilə yayılır. Vərəm əlamətləri hiss edilən zaman həkimə müraciət etmək lazımdır".

E. Muxtarlı qeyd etdi ki, vərəmlə xsətələnmiş şəxs vərəm müəssisəsində qeydiyyata götürüldükdən sonra o öz faktiki yaşadığı ünvana və yacud iş yerinə yaxın məsafədə yerləşən tibb məntəqəsinə gedərək, tibb işçisinin nəzarəti altında müalicə ala bilər. Vərəm müalicəsinə başlayan şəxsdə müalicənin ilk günlərində başqalarını yoluxdurma təhlükəsi aradan qalxır.

Tədbirdə çıxış edən İctimai Birliyin layihə üzrə koordinatoru həkim Çingiz Ramazanlı bildirdi ki, vərəm xəstələri çox zaman bunu etiraf etməkn çəkinir. Əslində vərəm əlamətləri müşahidə edilən kimi dərhal həkimə müraciət etmək, müalicəyə erkən başlamaq bu xəstəliyin tez sağalmasına səbəb olur: "Həkimin təyin etdiyi müalicə sxeminə ciddi riayət edin. Müalicə sxeminə uyğun olaraq tələb olunan müddətədək müalicəni davam etdirin. Dərman preparatlarını təyin olunmuş dozada qəbul edin. Unutmayın ki, vərəm müalicəsinə başlayan şəxsdə, müalicənin ilk günlərində başqalarını yoluxdurma təhlükəsi aradan qalxır".

Tədbirdə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Müalicə işinin təşkili idarəsinin rəisi Füzuli Hüseynov çıxış edərək, vərəmin fəsadlarından və layihənin əhəmiyyətindən danışdı.

Konfransda Qlobal Fondun maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq çəkilmiş vərəm haqqında maarifləndirici qısa metrajlı film təqdim oludu və fevral ayında elan olunmuş "Vərəm haqqında ən yaxşı məqalə" jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.

Qeyd edək ki, Azərbaycanda vərəmə effektiv nəzarətin gücləndirilməsi sahəsində vərəm üzrə çalışan QHT-lərin əməkdaşlığını təmin etmək, bu sahədə vətəndaş cəmiyyəti təşkilatlarının potensialını artırmaq məqsədilə İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun tövsiyəsi və Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə komissiyasının (ÖƏK) tələbi ilə 2011-ci ilin sentyabrında müxtəlif qeyri-hökümət təşkilatlarının (QHT) Vərəm əleyhinə Koalisiyası yaradılıb.

Koalisiyanın tərkibinə "Həyat" İB, Azərbaycan Qızıl Aypara cəmiyyəti, "Sağlamlığa Xidmət" İB, "Ftiziatrlar və Pulmonoloqlar" İB və vərəmin təsirinə məruz qalmış icma nümayəndələri daxildir. Ölkədə DD vərəmin geniş vüsət aldığı və bu sahədə əhali arasında stiqmanın yüksək səviyyədə olması, vərəm müalicəsinə sadiqliyin artırılması məqsədilə vərəmin təsirinə məruz qalmış insanların maarifləndirilməsi və onlar arasında psixo-sosial dəstəyə ehtiyac, Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının yaranmasını zəruri edən amillərdən idi. Koalisiya üzvləri vərəmə qarşı həssas olan müxtəlif əhali qruplarının mənafeyini təmsil edərək, onlara sosial, maddi-mənəvi, psixoloji yardım göstərir.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi "Sağlamlığa Xidmət" İctimai birliyinin təşəbbüsü və Vərəm əleyhinə Koalisiyanın dəstəyi ilə 6 aprel 2018-ci il tarixində Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçiriləcək.