İlham Əliyev: "Biz təkcə silah istehsal etmirik, həm də ixrac edirik"

Prezident: "Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir"
Sputnik

BAKI, 6 aprel — Sputnik. "Ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə deyib.

Jurnalistin "Bu gün Azərbaycanın müasir silahlarla təchiz olunmuş müasir ordusu var. Ölkənin etibarlı şəkildə müdafiə olunması, bu istiqamətdə möhkəmlənmək üçün daha hansı işlərin görülməsini vacib hesab edirsiniz?" — sualına cavabında İlham Əliyev deyib ki, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Azərbaycan silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırıb. 

Kiselyov İlham Əliyev haqda: "Azərbaycanlılar çox şanslıdırlar"

"Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq", — deyə Əliyev bildirib.

Silahların alınması məsələsinə gəlincə, prezident deyib ki, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək.

"Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir", — deyə İlham Əliyev əlavə edib.